Prezident aprel döyüşlərindən danışdı - ALİ BAŞ KOMANDAN XÜSUSİ TƏYİNATLILARIN TƏLİMLƏRİNİ İZLƏDİ

  • By admin
  • 02 Aprel 2019 14:35

“Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür”.

Gununsesi.org  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir: 

 “Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”.

Prezident əlavə edib ki, mülki vətəndaşlar da döyüşlər zamanı qəhrəmanlıq göstəriblər: 

“Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır – bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür.

Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.

Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.

Gununsesi.org