Prezident: "Avropa İttifaqının təcrübəsindən istifadə edilməsi mümkündür..." - FOTOLAR- YENİLƏNİB

  • By admin
  • 23 Fevral 2017 13:15

ital-ilya

Prezidenti İlham Əliyev fevralın 23-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident həmçinin, İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb.

***

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulandı, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edildi.

Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olundu.

***

Prezident İlham Əliyev İtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı bildirdi ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.

Karlo Kalenda ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlətimizin başçısına minnətdarlığını çatdırdı. O, bu mühüm tədbirdə İtaliyanın bir sıra şirkətlərinin nümayəndələrinin də iştirak etdiklərini vurğuladı, ölkələrimiz arasında müxtəlif sahələrdə əhəmiyyətli layihələrin icra edildiyini bildirdi.

Qonaq İtaliyanın Baş naziri Paolo Centiloninin ötən ilin sonunda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri kimi Azərbaycana səfərini xatırlatdı.

Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olundu. Bildirildi ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.

Diqqətə çatdırıldı ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı zamanı SOCAR ilə həmin şirkət arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

sevcovic-ilya

Gununsesi.info