Prezident: “Azərbaycan Formula-1 ailəsinə daxil olmasından məmnundur”

  • By admin
  • 16 İyun 2016 13:32
Aliyev Ilham Mr. President
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib. Gununsesi.info  xəbər verir ki, “Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. O, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğuladı. O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını dedi.
Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən dövlətimizin başçısı Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu dedi. Prezident İlham Əliyev yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyənin olduğunu vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən dövlətimizin başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirdi. Formula-1 yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizə daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident İlham Əliyev Formula-1 yarışının bu baxımdan böyük önəm daşıdığını vurğuladı.
Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.