“Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Dövlət başçısının dünən imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb”.
Gununsesi.info xəbər verir ki, bunu prezidentin imzaladığı fərmanı şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib.
Ü. Mehdiyev deyib ki, “ASAN xidmət indeksi” formalaşdırılacaq və hər bir dövlət orqanının xidməti bu indeks üzrə qiymətləndiriləcək: “Bu fərman sırf dövlət orqanlarının göstərdikləri xidmətlərin qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə nəticəsində həmin xidmətlərin vətəndaşlar üçün nə dərəcədə asan olması müəyyənləşəcək, çatışmazlıqlar varsa, həmin xidmətlərin daha əlçatan, şəffaf olması barədə təkliflər hazırlanacaq. Bu çatışmazlıqlar və təkliflər barədə hazırlanan hesabat Azərbaycan prezidentinə təqdim ediləcək. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görüləcək”. (APA)