Prezident Əliyev CHP liderinə: "Yanlışlıqlar olub, keçmişdə qalıb"

  • By Günel
  • 08 Noyabr 2024 21:32

Noyabrın 8-də Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Gununsesi.info xəbər verir ki, prezidentin mətbuat xidmətinin məlumatına görə, Ö.Özəl İ.Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Qarabağ müharibəsində qələbənin dördüncü ildönümü münasibətilə təbrik edib.

“Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, – deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb, – xəbərdə deyilir.

Ö.Özəl CHP-nin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini bildirib.

Prezident Əliyev isə qeyd edib ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. O, hakim YAP ilə CHP arasında əməkdaşlığın “müsbət istiqamətdə” cərəyan etdiyini vurğulayıb.

Ö.Özəl vaxtilə Azərbaycanla bağlı bəzi qalmaqallı fikirləri ilə gündəmə gəlib. O, ötən ilin noyabrında CHP-nin 13 illik sədri Kamal Kılıçdaroğlunu əvəzləyib. Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü olan Ö.Özəl Azərbaycanın həmin qurumda səsvermə hüququnun bərpa edilməsini dəstəkləyib.

Azərbaycanın AŞPA-da səsvermə hüququ bu ilin yanvarında öhdəliklərin icrasının yetərli olmaması əsas gətirilərək dondurulub. Rəsmi Bakı isə qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb.

Türkiyə hakimiyyəti Azərbaycanı Qarabağ müharibəsində dəstəkləyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Gununsesi.info