Prezident Elmar Məmmədyarovu sərt tənqid etdi - "Xarici İşlər Nazirliyi nə ilə məşğul idi, harada idi?"

“Mən bir məsələyə də toxunmaq istərdim. Bu da beynəlxalq aləmin bu hadisələrə reaksiyasıdır. Azərbaycan ictimaiyyəti bunu izləyir. Təxribat törədiləndən dərhal sonra – ayın 12-də günorta saatlarında mən Prezident Administrasiyasına müvafiq göstərişlər verdim və bizim beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verdi. Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır”.