Prezident İlham Əliyev öldürülən jurnalist Rasim Əliyevdən danışdı

  • By admin
  • 20 Sentyabr 2016 17:30
rasim
Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.
Görüşdə öldürülən jurnalist Rasim Əliyev məsələsinə toxunub. Ölkə başçısı deyib ki, guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə Prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib: “Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır”.
Prezident əlavə edib ki, Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə və dərinləşdirməyə can atır. “Təkcə biz deyil, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Ona görə də düşünürəm ki, bu mətn bizim əməkdaşlığımızın əsl məğzini əks etdirmir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Yeri gəlmişkən, ümumiyyətlə, bizim Avropa İttifaqı ilə çox yaxşı münasibətlərimiz var. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqı, üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var”- deyə, prezident bildirib.
Gununsesi.info