Prezident İlham Əliyev: “Vasitəçilər anlamalıdırlar ki…”

  • By admin
  • 18 İyun 2016 12:29

Ilham Aliyev

 

“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsində deyib.
Prezident Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçdiyini söyləyib. Dünyada dini zəmində baş verən savaşlara diqqət çəkərək Azərbaycanın hamıya tolerantlıq nümayiş etdirdiyini vurğulayıb.
Dövlət başçısı çıxışında Qarabağ münaqişəsinə toxunaraq bütün xalqla birlikdə bir nöqtəyə vurduqlarını bildirib. İ.Əliyev dünya birliyinə münaqişənin tezliklə həll olunmasının vacibliyi mesajını da verib: «Münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılması vaxtı çatıb. Vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil. Aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək».
İ.Əliyev nitqində son olaraq Ramazan münasibətilə xalqa sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.
Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyunun 20-də Sankt-Peterburqda Rusiya dövlət başçısı V.Putin-in iştirakı ilə gözlənilir. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də qatılacağı bildirilir (“Azadlıq” radiosu, President.az).