Prezident yeni nazirə: Nöqsanlar ciddi araşdırılmalıdır - Son Olimpiya Oyunlarında qaliblər arasında gənc nəslin nümayəndələri yoxdur

  • By admin
  • 07 Sentyabr 2021 22:30

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar sentyabrın 7-də videoformatda qəbul edib.

Gununsesi.info-nun n xəbərinə görə, prezident deyib ki, idman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Onun sözlərinə görə, xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub və bütün federasiyalarda mövcud vəziyyət ciddi təhlil edilməlidir: “Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir”.

Prezident əlavə edib ki, son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət alıb, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksi fəaliyyət göstərir: “Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin…”.

Gununsesi.info