
Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzinin təqdimatı olub.
Gununsesi.info xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev təqdimat mərasimində iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına məlumat verib ki, ümumi ərazisi 1 hektardan artıq olan mərkəzin sahəsi 6900 kvadratmetrdən çoxdur. Biznes inkubator, sərgi zalı, 180 nəfərlik akt və kiçik konfrans zallarından, inzibati otaqlardan və yardımçı tikililərdən ibarət olan mərkəzin yaradılmasında məqsəd Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı prioritetlərin müəyyən edilməsi, bu istiqamətlər üzrə təkliflərin hazırlanması, regional siyasətin icrasının əlaqələndirilməsi və zəruri tədbirlərin görülməsi, sahibkarlığın inkişafı, kiçik və orta sahibkarlar üçün davamlı dəstək tədbirlərinin keçirilməsi, maarifləndirmə işlərinin təşkili, müasir konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.
Sonra dövlət başçısı Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub.
İqtisadiyyat naziri Ş. Mustafayev bildirib ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, Amerika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.
Dövlət başçısına “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə yerli şirkətlərin xaricdə keçirilən sərgilərdə iştirakı barədə də məlumat verilib. Prezidentə həmçinin biznes inkubatorlar haqqında məlumat verilib.
Gununsesi.info