İlham Əliyevdən kəlbəcərlilərə şad xəbər -Evlərinizin tikintisinə başlanılır

  • By admin
  • 27 İyun 2022 13:08

“Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Kəlbəcərdə hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan, Prezident İlham Əliyev söyləyib.

Prezident bildirir ki, bu mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır: “Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov dövlət başçısına Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Sonra “ACN” şirkətinin icraçı direktoru Laura Konti Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksi barədə məlumat verib. Qeyd olunub ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.

Gununsesi.info