“Bu günə qədər əgər COP tədbirlərini biz nəzərə alsaq, hətta Urban Forumu adətən inkişaf etmiş ölkələrdə, böyük ölkələrdə belə tədbirlər keçirilir.
Çünki qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni, Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir.
Yəni, bu, ölkəmizin imkanlarının növbəti nümayişidir. Eyni zamanda, yaşıl gündəliyə bizim münasibətimizdir və biz artıq bu şərəfə layiq görüləndən dərhal sonra bizə qarşı yenə də media kampaniyası başlamışdır”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident Qərb mətbuatının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə bağlı yazdıqları qərəzli fikirlərə də münasibət bildirib:
“Ənənəvi aktorlar – “Vaşinqton Post”, “Nyu-York Times”, – yadınızdadır, prezident Tramp onları feyk-nyus adlandırmışdı, çox haqlı olaraq feyk-nyus adlandırmışdı, – “Fiqaro” və başqaları dərhal bizə qarşı çirkin kampaniyaya başlamışdır. Heç bir əsası olmadan və hətta mənim tərəfimdən COP29-a təyin etdiyim bizim ekologiya nazirini də atəşə tutdular.
O, yəqin ki, belə hallarla ilk dəfə rastlaşır və irad tutdular ki, o, uzun illər neft şirkətində işləyib.
Bu, nə deməkdir? Mən də 9 il neft şirkətində işləmişəm, sonra?
Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir. Bütün bunlar kənara qoyulur, sanki bu, elə deyil. Amma bunun neft şirkətində çalışması bioqrafiyası var.
Hər halda bunlar təbiidir, çünki bütün beynəlxalq tədbirlər keçiriləndə biz belə bir kampaniya ilə üzləşirik, istər Avropa Oyunları olsun, istər “Eurovision”, hətta Astronavtika Konqresi. Yəni, necə deyərlər, artıq bu olmasa, biz təəccüblənərik. Əcəba, nə olub? Nəyi düzgün etməmişik ki, bizi indi tərifləyirlər Qərbdə. Yəni, əgər onlar bizi tərifləyirlərsə, deməli, nəsə biz, necə deyərlər xəta törətdik”.