“Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qrupun mandatı münaqişənin həll olunmasına kömək etməkdir. Ümid edirik ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri bu gün ilə müqayisədə daha da fəal olacaqlar. Əlbəttə ki, Azərbaycan cari vəziyyətlə razılaşa bilməz. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 20 ildən də artıq müddətdən əvvəl qəbul olunmuşdur və onlar kağız üzərində qalmaqdadır”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri ölkə Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirələrdə deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olan bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür:
“Bu isə o deməkdir ki, bu qətnamələr onların iştirakı ilə qəbul olunmuşdur. Onlar bu qətnamələrin qəbul olunmasına etiraz etməyiblər. Lakin qətnamələr icra olunmayıb və dünyanın bu aparıcı ölkələri işğal olunmuş ərazilərdən geri çəkilmək üçün təcavüzkar Ermənistana kifayət qədər təzyiq göstərə bilmirlər. Lakin biz ümid edirik ki, münaqişə qətnamələr əsasında həll olunacaqdır. Bunu etmək üçün yeganə yol bu cürdür. Çünki siz təcavüzə bəraət qazandıra bilməzsiniz.
Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin Qarabağın ətrafındakı yeddi rayonu da işğal etmişdir. Həmin yerlərdə heç vaxt erməni əhalisi yaşamayıb. Dağlıq Qarabağın özündə əhalinin 30 faizi Azərbaycan mənşəli idi. Onların hamısı torpaqlarından qovulublar. Bundan sonra isə Dağlıq Qarabağda onlar dırnaqarası referendumlar keçiriblər. Daha biri isə bir neçə gün sonra keçiriləcəkdir. Bu da tamamilə qanunsuzdur və dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.
Yeri gəlmişkən, Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı Dağlıq Qarabağı müstəqil bir subyekt kimi və bu referendumun nəticələrini tanımadığını bildirən bəyanatlarla artıq çıxış ediblər.
Rusiya Azərbaycanın qonşusudur. Ermənistanın birbaşa qonşusu deyil, lakin, həmçinin regional qonşu ölkədir. Buna görə də düşünürəm ki, münaqişənin həll olunması Rusiyanın da marağındadır. Çünki münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Əlbəttə ki, vəziyyət nəzarət altından çıxsa, regionun bütün ölkələrində problemlər olacaqdır”.
Prezident bildirib ki, Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə, “biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik”.
İ. Əliyevin qeyd etdiyinə görə, Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik:
“Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik.
Eyni sözləri Avropa təsisatları ilə əməkdaşlığımıza dair söyləyə bilərəm. Biz “Şərq tərəfdaşlığı proqramı”nın altı ölkəsindən biriyik və biri olmaqda davam edirik. Lakin biz Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Assosiasiya sazişini imzalamadıq. Lakin indi nə baş verir? Biz fevralın 7-də Avropa Komissiyasına etdiyimiz layihə təklifi əsasında həmin qurumla danışıqlara başladıq. Avropa Komissiyasının tarixində ilk dəfə idi ki, layihə təklifi Komissiya tərəfindən yox, ölkə tərəfindən irəli sürülür və mandat da verilmişdir. Ümid edirəm ki, bu razılaşma tezliklə tamamlanacaq.
O, Avropa İttifaqına üzv olan ölkələr ilə artıq qəbul olunmuş və imzalanmış 9 razılaşma və memoranduma əsaslanır. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında razılaşma və ya memorandumu var. Bu, nadir bir vəziyyətdir. Biz gələcək iqtisadi planlarımızı milli maraqlarımıza görə qururuq. Buna görə də hazırda bizim hər hansı bir digər beynəlxalq təşkilata qoşulmaq planlarımız yoxdur. Lakin gələcəkdə nə baş verəcəyini həyat göstərəcək”.
Prezident bir daha xatırladıb ki, danışıqların aparılması və münaqişənin nizamlanması ilə bağlı mandat ATƏT-in Minsk qrupuna aiddir. Bu qrupa ABŞ, Fransa və Rusiya həmsədrlik edir:
“Əlbəttə ki, biz Avropa İttifaqının danışıqlar prosesinə birbaşa cəlb olunmasını gözləmirik. Baxmayaraq ki, Avropa Komissiyası münaqişənin həlli ilə məşğul olan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. Biz Avropadan və hər bir ölkədən postsovet məkanında olan bütün münaqişələrə dair vahid standart yanaşmanı gözləyirik. Biz bu gün xanım Merkelin ərazi bütövlüyü ilə bağlı söylədiklərini yüksək qiymətləndiririk. Lakin biz bu prinsipin seçmə üsulla yox, bütün münaqişələrə tətbiq olunmasını istəyirik. Fikrimizcə, baxmayaraq, Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi sazişdən çox birtərəfli təlimatlar siyahısına bənzəyirdi, onun imzalanmamasının səbəblərindən biri də, hətta əsas səbəbi onunla bağlı idi ki, onlar Ermənistan ilə Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması ilə bağlı dəqiq ifadə edilmiş mətnin bu Sazişə daxil edilməsini istəmirdilər. Onların Gürcüstan və Moldova ilə razılaşmalarında bu müddəa var idi.
O zaman Ukraynanın belə bir problemi yox idi. Lakin Azərbaycana gəldikdə, ikili standartlar üzə çıxır. Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunmuşdur. Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq olunmamışdır. Bu ikili standartlı yanaşma aradan qaldırılmalıdır. Əlbəttə ki, bu, dərhal münaqişənin həllinə gətirib çıxarmayacaqdır. Lakin biz səylərimizi birləşdirsək və təcavüzkar Ermənistana torpaqları boşaltmaq üçün təzyiq göstərsək, düşünürəm ki, onda münaqişə daha tez həll olunacaq.
Çünki bizim məsələyə gəldikdə, dəfələrlə qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Ermənistan qoşunlarının çıxarılmasını tələb edən aparıcı beynəlxalq təşkilatların qətnaməsi var və bu qətnamələr icra olunmalıdır. Beləliklə, biz ümid edirik ki, əfsuslar olsun, bəzi postsovet ölkələrində ərazi bütövlüyünün pozulması ilə bağlı vəziyyət bütün münaqişələrə, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münaqişəyə tətbiq olunacaq vahid qeyri-selektiv, təkstandartlı yanaşmanın formalaşmasına gətirib çıxaracaq”.
Gununsesi.info