“Prezidentimizi və xanımını kəndimizdə görmək istəyirik” - "FƏRYAD" FİLMİNİN ÇƏKİLDİYİ "RUS BORİSİ" SAKİNLƏRİNİN ARZUSU - FOTOLAR

  • By admin
  • 04 Aprel 2017 12:24

rus-1

Azərbaycanın etnik rəngarəngliyi özünü həm də bölgələrimizdəki yer adlarında göstərir. Goranboy rayonunun Rus Borisi kəndi də belə məkanlardan biridir.

Gununsesi.info “AZƏRTAC”-da gedən “Azərbaycan malakanları: Rus Borisi bu gün” adlı yazıya istinadən xəbər verir ki, bir mənbəyə görə, bu kəndin əsası 1842–ci ildə, digərinə görə isə 1893-cü ildə Rusiyadan köçürülən malakanlar tərəfindən qoyulub. Kəndin girəcəyindəki hündür təpə üzərindəki qəbiristanlıq, baş daşlarındakı anlaşılmaz yazılar və işarələr bu yerlərin hələ çox qədim dövrlərdən insan məskəni olduğunu göstərir.

Lakin bu bir həqiqətdir ki, Rus Borisi kəndinin XIX əsrin ortalarından başlayan inkişafı malakanların adı ilə bağlıdır. Kənd Goranboy rayonunun mərkəzindən təxminən 45 kilometr məsafədə, Murovdağ silsiləsinin ətəyində yerləşir. Kəndin tarixini öyrənmək, bu yerlərin təbiətini görmək, rus icmasının məişəti, adət-ənənələri ilə yaxından tanış olmaq, onların söhbətlərini, xatirələrini dinləmək isə olduqca maraqlıdır.

rus-2

Sərt qış və təbiətin təkrarolunmaz gözəlliyi

Beləcə kəndə doğru yola çıxdıq. Gəncə şəhərindən 80 kilometr məsafəni qət edib, Aşağı Ağcakəndin mərkəzinə çatdıq. Qarşıda isə bizi hələ 10 kilometr məsafə, bir də bu yolu qət etmək üçün xeyli çətinlik gözləyirdi. Çünki kəndin yüksəklikdə yerləşməsi, qışın bu yerlərdə daha sərt keçməsi, yamaclarda və dərələrdə tez-tez baş verən uçqunlar, bir də Dağlıq Qarabağ münaqişəsi zamanı müharibənin yollara vurduğu ziyan avtomobilin hərəkətinə mane olurdu. Lakin qarşımızda açılan bir-birindən gözəl, təkrarsız təbiət mənzərələri sanki yolun bütün ağırlığını və təhlükəsini unutdururdu.

Rus Borisi hər tərəfdən yüksəklik və meşəliklərlə əhatələnib. Kəndin bir yanı cır armud meşəliyi, digər yanı isə alma bağlarıdır. Meşələrdə həm də çoxlu faydalı müalicəvi ot və digər bitkilər yetişir. Kəndin yaxınlığındakı kiçik göllər bu yerlərin mənzərəsinə əlavə gözəllik qatır.

rus-3

Kəndin 600 sakinindən 74-ü rus icmasının üzvüdür

Kəndin mərkəzində bizi Rus Borisi kəndinin icra nümayəndəsi Təranə Qasımova, mədəniyyət evinin direktoru Zahid Novruzov və rus icmasının üzvləri qarşıladılar.

İcra nümayəndəsi söhbət zamanı bildirdi ki, vaxtilə 2 min sakinin olduğu kənddə hazırda 600 nəfər yaşayır. Dağlıq Qarabağ münaqişəsinin ağrı-acılarından danışan Təranə Qasımova qeyd etdi ki, kənddə 462 məcburi köçkün məskunlaşıb. Yerli sakinlərdən 24 ailə, yaxud 74 sakin rus icmasının üzvüdür.

Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd işıq və qazla təmin olunub. İçməli su isə bulaqlardan götürülür. Belə ki, bunun üçün kəndə xüsusi su xətti çəkilib. Əsas problem isə müharibə vaxtı yolların dağılmasıdır. Bu səbəbdən sakinlər qış aylarında rayon mərkəzinə getməkdə çətinlik çəkirlər.

rus-4

“Fəryad” filminin bir çox kadrları bu kənddə çəkilib

Kəndlə tanışlığımız mədəniyyət evindən başladı. Altı nəfər işçisi olan mədəniyyət evinin əməkdaşlarından 4-ü rus icmasının üzvüdür. Mədəniyyət evinin fəaliyyəti haqqında məlumatı da bizə mədəni tədbirlər üzrə təşkilatçı Marina Kasmulina verdi. Onu da öyrəndik ki, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Fəryad” filminin bir çox kadrları bu kənddə çəkilib. Xatırladaq ki, filmin rejissoru və baş rolun ifaçısı Ceyhun Mirzəyevdir.

Son 25 ildə ilk dəfədir bu yerlərə müxbir ayağı dəyir

Mədəniyyət evindən çıxıb yenidən kəndin mərkəzinə qayıtdıq və burada rus icmasının üzvləri ilə görüşdük. Kəndlilərin dediyinə görə, son 25 ildə ilk dəfədir bu yerlərə müxbir ayağı dəyir. Odur ki, hər kəs bizimlə söhbətə can atır, evinə qonaq dəvət edir, az qala kənddəki hər daşın, ağacın belə tarixini danışmağa çalışırdı.

Rus Borisinin və malakanların Azərbaycana gəlişinin tarixçəsi haqqında sualımızı Kalinin adına kənd kolxozunun sədri Mariya İvannikova cavablandırdı. Bizi rus adəti ilə, mehriban və gülərüz salamlayan Mariya xanım dedi: “Gördüyünüz kimi, əsası ulu babalarımız tərəfindən qoyulan kəndimiz uca dağların qoynunda yerləşir. Qışın sərt keçməsinə baxmayaraq, yayda bu yerlərin əvəzi yoxdur. Bu cür təbiət gözəlliyinə görə yayda qonaqlarımız da çox olur”.

rus-5

Dini inanclarda və adətlərdəki oxşarlıq malakanları yerli əhali ilə sıx qovuşdurub

Malakanlar haqqında məlumat verən Mariya İvannikova bildirdi ki, onlar ibadəti kilsədə deyil, daha çox öz evlərində ediblər. Donuz əti yeməyib, şərab içməyib və o dövrdə din üçün bir sıra vacib hesab olunan əməlləri yerinə yetirməkdən boyun qaçırıblar. Elə buna görə də bidətçilikdə ittiham olunaraq imperiyanın ucqarlarına sürgün ediliblər.

“Əcdadlarımızın bu yerlərdə məskunlaşmasının səbəbi dini inanclar və adətlərdəki bir sıra oxşarlıqlar olub. Artıq iki əsrdir ki, malakanlar Azərbaycanda yaşayır və onlar buranı özlərinin vətəni hesab edirlər”, – deyə kolxoz sədri qeyd etdi.

Rus Borisində kolxoz quruluşunu niyə sıx saxlayıblar?

Rus Borisində kolxoz quruluşunun saxlanılmasının səbəbini izah edən Mariya İvannikova bildirdi ki, kəndin rus icmasının üzvləri ictimai təsərrüfatda çalışmağı üstün tutublar. Kəndin ümumilikdə 500 hektar torpaq sahəsi var və onun 200 hektarı kolxoza məxsusdur. Buna baxmayaraq, kəndin bütün sakinləri bu torpaqlardan bir ailənin üzvü kimi istifadə edirlər. Kolxozun 9 nəfər daimi işçisi var. Əkin-biçin mövsümündə isə icma üzvlərindən daha 40 nəfəri işə cəlb olunur. Kolxozda əsasən taxıl, kartof və kələm əkilir, həmçinin mal-qara saxlanılır.

rus-6

Xatirələr dilə gəlir…

zeynab-3

rasid-1

SOVKET A

Kəndin keçmiş şöhrətini xatırlayan Mariya İvannikova düşüncəyə dalaraq dedi: “Dağlıq Qarabağ müharibəsi kəndimizə çox böyük zərbə vurdu. Müharibədən əvvəl kəndimizdə böyük qələbəlik yaşanırdı. Yay günlərində gecədən səhərədək kənd klubundan şən musiqi sədaları, çal-çağır əskik olmazdı. Dünya şöhrətli müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Şövkət Ələkbərova və başqaları kəndimizə konsert verməyə gələrdilər. Bu, əsil toy-bayrama çevrilərdi. Keçmiş günlər doğrudan da unudulmazdır”.

Kolxoz sədrindən hədiyyə: rəngli iplərdən toxunmuş üç qızıl gül

Nəhayət, Rus Borisinin sakinləri ilə vidalaşıb ayrılmaq vaxtı çatdı. Az qala sakinlərin yarısı bizi yola salmaq üçün kəndin mərkəzinə yığışmışdı: Mixail, Vanya, İvan, Rafael, Anjelika… Deyirdilər ki, “bu yerlərə yayda gəlin, qonağımız olun”. Qəfildən qarşımızda avtomobil dayandı və qapısı açıldı. Görzümüzə inanmadıq. Sükan arxasında kolxozun sədri Mariya İvannikova idi: “Əyləşin uşaqlar, hava qaralır. Yol təhlükəlidir, siz isə nabələdsiniz. Axı, bura döyüş bölgəsidir”. Kənd sakinləri ilə söhbətimiz elə maraqlı alınmışdı ki, axşam düşdüyünə fikir verməmişdik. Sakitcə avtomobilə əyləşdik. Bir az getmişdik ki, Mariya İvannikova rəngli iplərdən öz əlləri ilə toxuduğu üç qızıl gülü bizə uzadaraq dedi: “Siz mənim qonağım olanda bu güllərə necə böyük sevgi və diqqətlə baxdığınızı gördüm. Böyük zəhmət tələb edən əl işlərimi satmıram, amma onları qonaqlarıma bağışlayıram. Bu gülləri götürün və həyatınızdakı ən əziz qadına hədiyyə edin”.

Mariya İvannikova: Ən böyük arzumuz Prezidentimizi və xanımını kəndimizdə görməkdir

Yolboyu ulu öndər Heydər Əliyevin ölkədəki etnik azlıqlara, xüsusən də malakanlara olan sevgisindən danışan Mariya İvannikova sonda bir arzusunu da dilə gətirdi: “Prezidentimiz İlham Əliyev digər malakan kəndlərində olub. Kənd icmasının ən böyük arzusu dövlətimizin başçısını xanımı ilə birlikdə kəndimizdə görməkdir. Ən gözəl və qiymətli hesab etdiyim əl işimi də o gün üçün saxlamışam”.

Artıq rayon mərkəzinə çatmışdıq. Yenidən bu kəndə qayıtmağımız arzusu ilə kolxoz sədrindən ayrıldıq. Goranboyun ucqar dağ kəndi olan Rus Borisinin sakinləri ilə söhbətlərimiz, onların bizə göstərdiyi qonaqpərvərlik isə hələ yaddaşımızda uzun müddət qalacaq.

Gununsesi.info