Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda açılışı olan yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mənzillərin təqdim edilməsi zamanı vurğulanıb ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramı icra olunur.
Artıq 100 min şəxsi əhatə edən və onlara 166 min xidmətin göstərildiyi bu sosial dəstək proqramının əsas istiqamətlərindən biri olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil/ fərdi ev verilibsə, 2021-ci ildə bu proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib və ötən il 3 min mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həmin kompleksdə mənzillə təmin olunan şəhid ailəsi ilə görüşərkən dövlətimizin başçısı “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur” deyə bildirib.
Bu sözlər şəhid ailələri və müharibə əlillərinin xüsusi qayğı ilə əhatə olunması, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasında da öz əməli təsdiqini tapır. Postmüharibə dövründə artıq 3500, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Yeni mənzillərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri daim dəstəklə əhatə olunduqlarını vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, yeni yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.
Kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina inşa olunub, sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin olunub.
Gununsesi.info