
“Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı şərh edərkən deyib.
Z.Əsgərov bildirib ki, bu sərəncamdan sonra Cinayət Məcəlləsində azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq:
“Bundan sonra çox sayda insan azadlıqdan məhrum edilmədən, cəzaları digər yüngül cəzalarla əvəz olunacaq. Sərəncamla cəza növü kimi ictimai işlərə cəlbetmə, cərimə və digər yüngül cəzalara üstünlük verilib. Bu isə Azərbaycanın apardığı humanist siyasətə cəza siyasətinin uyğunlaşdırılmasıdır. Yəni, cəza siyasətinin dövlət siyasətinə uyğunlaşdırılmasıdır”.
Birinci vitse-spiker sərəncamla yaradılacaq strukturlardan da danışıb:
“Sərəncamla bir sıra yeni strukturlar yaradılacaq. Probasiya sözünün mənası sınaq deməkdir. Bu əsasən ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrdə tətbiq olunur. Burada söhbət ondan gedir ki, şəxs hər hansı bir cinayət edirsə, onun cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə, müəyyən olunacaq ki, o azadlıqdan məhrum etmə cəzası vermək olar yoxsa başqa cəza növü ilə əvəz etmək olar. Yəni, başqa cəzanı verəndə müddət qoyulacaq. Məsələn, ABŞ-da 5 ilə, digər ölkələrdə 3 ilə qədərdir. Yəni, bu probasiya dövründə məhkumun özünün necə aparmasına baxılacaq”.
Z. Əsgərov əlavə edib ki, Azərbaycanda da hər cinayətə uyğun probasiya cəza sistemi müəyyən ediləcək.
“Yəni müxtəlif sınaq illəri seçiləcək. hər cəzanın zöünüə görə sınaq müddəti olacaq ki, azadlqıdan məhrum edilməyən şəxs özünü necə aparır. Hesab edirəm ki, bu müsbət nəticə verəcək”- deyə, Z. Əsgərov bildirib.
Mürtəza
Gununsesi.info