“Prezidentin bu səfəri çərçivəsində də çox önəmli sənədlərin imzalanacağı gözlənilir” -DEPUTAT

  • By admin
  • 16 Yanvar 2023 21:39

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əbu-Dabidə davamlılıq həftəsinin açılış mərasimində çıxış edib. Dünəndən etibarən cənab Prezident Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Əbu-Dabidə səfərdədir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, İlham Əliyev BƏƏ-nin Prezidenti ilə görüşdü və ona dəvət üçün dərin təşəkkürünü bildirdi: “Eyni zamanda, BMT TŞ-nın Cənubi Qafqaz regionuna aid müzakirələrdə Azərbaycana BƏƏ-nin göstərdiyi dəstəyə görə də minnətdarlığını ifadə etdi və bu dəstəyi yüksək qiymətləndirdi. Bilinir ki, BƏƏ və Azərbaycan arasında münasibətlər çox yaxşıdır. Bu münasibətlər günü-gündən inkişaf edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, iki dövlət rəsmilərinin qarşılıqlı şəkildə səfərləri tez-tez müşahidə olunur: “Bu da ikitərəfli əməkdaşlığın inkişafına öz töhfələrini verməkdədir. BƏƏ və Azərbaycan arasında enerji resurslarının, xüsusilə də alternativ yaşıl enerji resurslarının işlənməsi ilə bağlı əməkdaşlıq daha da inkişaf edir. Cənab Prezidentin bu səfəri çərçivəsində də çox önəmli sənədlərin imzalanacağı gözlənilir. Cənab İlham Əliyevin məhz davamlılıq həftəsi rəsmi çıxışında maraqlı açıqlamalar edəcəyi dünya mediasının gündəmindədir. Azərbaycan mütəmadi olaraq İslam həmrəyliyinə öz töhfəsini verir və BƏƏ ilə də siyasi-iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirilir. Bu səfər münasibətlərimizi daha da inkişaf etdirəcək. Cənab Prezidentin Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və nümayəndə heyətini Azərbaycana dəvət etməsi onu deməyə imkan verir ki, qarşılıqlı səfərin də şahidi olacağıq. BƏƏ-nin ciddi texnoloji nailiyyətlər əldə etməsi və Şeyx Məhəmmədin rəhbərliyi altında texnoloji yeniliklərə önəm verilməsi bizim də bu yeniliklərdən faydalana biləcəyimizə işarədir. Xüsusilə də, Qarabağ və Şərqi Zəngəzurda müasir, yeni dövrün tələblərinə cavab verən “ağıllı şəhər və kənd” konsepsiyalarının reallaşdırılması zamanı bu təcrübənin də öyrənilməsi çox vacibdir. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin istehsalı, texnoloji yeniliklərin tətbiqinə də BƏƏ öz töhfəsini verə bilər. Azərbaycan da bu əməkdaşlığı yüksək qiymətləndirir”.

Gununsesi.info