“Prezidentin Gürcüstana səfəri strateji əhəmiyyət daşıyır”

“Cənab İlham Əliyevin Gürcüstana səfəri mühüm bir hadisə idi. Məlum məsələdir ki, Cənubi Qafqazdan uzaq olmayan ərazilərdə gedən müharibələr, müxtəlif dövlətlərin seçki öncəsi hazırlıqları kimi proseslər, məhz prezidentin Gürcüstana səfərini daha da əhəmiyyətli edir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Bu səfər Gürcüstan üçün siyasi, iqtisadi və ümumilikdə strateji dəstək anlamına gəlir. Gürcüstan Azərbaycan üçün strateji əhəmiyyətli və dost bir dövlətdir. İqtisadi layihələrin Gürcüstan ərazisindən, maşrutların və kəmərlərin keçməsi böyük əhəmiyyət kəsb edir.

Bütün bu məsələlərin müzakirəsi — iqtisadi, siyasi, hərbi, mənəvi və mədəni sahələrdə  çox vacibdir. Gürcüstan ərazisində beş rayonda kompakt şəkildə yaşayan azərbaycanlı icması var. Bu icma Gürcüstanın siyasi, iqtisadi və digər proseslərində aktiv iştirak edir və onların məsələlərinin müzakirəsi də gündəmdədir.

Mütəmadi olaraq parlamentlər səviyyəsində mən Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəriyəm  görüşlər keçirilir. Eyni zamanda üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin müxtəlif komitə sədrlərinin görüşləri və komitə iclasları da böyük əhəmiyyət daşıyır.

Ona görə düşünürəm ki, Cənubi Qafqazda atılan bu addım, prezidentin Gürcüstana səfəri, doğrudan da Gürcüstan üçün ciddi bir dəstəkdir və Gürcüstanın mühüm bir dost dövlət olduğunu göstərir”.

 

 

 

Şəbnəm

Gununsesi.info