Novruz bayramında əfv sərəncamı ilə azadlığa çıxan gənc fəal Qiyas İbrahimov təhsilini davam etdirə bilmir.
Gununsesi.org bildirir ki, bununla bağlı “Turan”a açıqlama verən keçmiş siyasi məhbusun sözlərinə görə, 2016-cı ilin mayında onu həbs edəndə Slavyan Universitetinin dördüncü kurs tələbəsi olub.”İmtahan çıxmışdım ki, məni həbs elədilər. Əgər həbs olmasaydı, qalan imtahanları verib, təhsilimi bitirərdim və diplom alardım. Həbsdən sonra vəkil universitetə bildiriş göndərərək mənim həbsdə ikən imtahan verməyimə icazə verilməsini xahiş etdi. Ancaq icazə verilmədi” deyə, o bildirib.
Q.İbrahimov azadlığa çıxdıqdan sonra təhsilini başa vurmağı qərara alıb və bir neçə gün öncə universitetin jurnalistika fakültəsinin dekanlığına müraciət edib: “Əvvəlcə məni dekanlıqda qəbul etdilər, bildirdilər ki, universitetdən xaric edilməyim, yoxsa akademik məzuniyyətə göndərilməyim barədə məlumatları yoxdur. Növbəti gün fakültənin dekanı Eldar Piriyev məni qəbul etdi, rektor Nurlana Əliyeva ilə danışmağı məsləhət gördü. Rektor məni dinləyərək dedi ki, mən universitetdən xaric edilmişəm və bərpa məsələsi hazırda gündəlikdə deyil, çünki tədris ilinin sonudur.
Bundan əlavə, rektor dedi ki, hazırda “akademik məzuniyyət” anlayışı mövcud deyil. “Gələn il bərpa oluna bilərəmmi” sualına isə rektor qeyri-müəyyən cavab verdi.
Bütün bunlar mənim təhsil almaq hüququmu pozur. Hesab edirəm ki, məni universitetə bərpa etməməklə məndən qisas almağı davam etdirirlər”, o, qeyd edib.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Turan”a bildirib ki, məsələ ilə tanış deyil və universitet rəhbərliyinə müraciət etməyi məsləhət görüb. Həmçinin qeyd edib ki, bu cür hallar “Təhsil haqqında” Qanunun müddəaları ilə tənzimlənir.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da C.Valehovun sözlərini təsdiqləyib: “Əgər tələbə üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, yaşayış yerini dəyişməsi ilə əlaqədar, həmçinin həbs səbəbindən) təhsilini davam etdirə bilmirsə, bu barədə universitetə məlumat verir, onu müvəqqəti olaraq ali məktəbdən xaric edirlər. Lakin təhsili davam etdirmək üçün maneə olmadıqda o, təhsilini davam etdirə bilər, həm də onu dayandırdığı andan.
Məsələn, əgər təhsil mayda dayandırılıbsa, tələbə ikinci semestrdən universitetə bərpa oluna bilər, belə ki, birinci semestri oxuyub və ikinci yarımilə keçib. İndiki halda bərpa ilə bağlı heç bir problem yaranmır”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məsələ ilə bağlı bunları deyib: “Gedən proseslər çox həssas məsələdir. Ölkə başçısı humanist addımlar atır, əfv sərəncamı imzalayıb. Əfvlə azadlığa çıxan məhbuslardan biri həbs olunur, digəri, yəni Qiyas polisə çağırılır, indi də təhsilini davam etdirməkdə bu cür problemlər ortaya çıxır. Qiyası imtahanları verə bilmədiyinə görə qovmayıblar. Rektorun səlahiyyəti yoxdur ki, onu ali məktəbdən qovsun. Onun barəsindəki siyasi qərarın davamı kimi universitetdən uzaqlaşdırıblar. Ölkədə ikili proses gedir. Bir tərəfdən gələcək üçün addımlar atılır, digər tərəf buna sədd çəkmək istəyir. Niyə əfvlə azadlığa çıxan məhbuslara qarşı bu cür addımlar atılmalıdır? Atılan humanist addımlara kölgə salmaq, ölkədə vəziyyəti gərginləşdirmək üçün daha çox belə vəziyyət yaradılır. Qiyas yaxşı olar ki, rektora məktub yazıb, rəsmi cavab alsın. Çünki insanların çoxu ya zəng edirlər, ya da qəbula düşürlər. Nəticədə də əllərində rəsmi cavab olmur. Bunun da nəticəsində dediklərini təsdiqləyə bilmirlər. Qiyas özü bilmədən dərs buraxmayıb ki!? Özündən asılı olmayan səbəblərdən bunlar baş verib. Müraciət edib rəsmi cavabdan sonra şikayət edə bilər. Ölkədə müəyyən siyasi qüvvələr aparılan islahatları axsatmaq istəyirlər. Azərbaycanın Avropaya sazişlə inteqrasiyasını daha da sürətləndirməsini bəzi dairələr istəmirlər”.
Gununsesi.org