
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilmiş 2024-cü il 7 noyabr tarixli dəyişiklikləri təsdiq edib.
Yeni dəyişikliklərin tətbiqinə dair Prezidentin imzaladığı fərman məhkəmə-hüquq sistemində islahatlara əsas olacaq.
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Gununsesi.info-ya müsahibəsində bu dəyişikliklərə əsasən aşağıdakı mühüm islahatlar həyata keçirilmişdir.
S. Hacıyevin sözlərinə görə, bundan sonra hakimin fəaliyyətinin qiymətləndirilməsinin yekununda əvvəlki kimi 2 deyil, 3 (yüksək, qənaətbəxş və peşəkar çatışmazlıq) nəticələrdən biri müəyyən olunacaq və fəaliyyəti yüksək qiymətləndirildiyi halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi imkanı nəzərdən keçirilə biləcəkdir: “Komitə tərəfindən hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair yekun rəyin tərtib olunması və bu rəyin Məhkəmə-Hüquq Şurası tərəfindən müzakirə edilməklə təsdiq olunması nəzərdə tutulur. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin müfəssəl qaydaları və metodologiyasının Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilməsi nəzərdə tutulmuşdur”.
Ali Məhkəmənin sədr müavini onu da vurğulayıb ki, yeni dəyişikliklərdə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası da yaradılıb.
“Məqsəd məhkəmə hakimiyyətinin müstəqilliyinin daha effektiv şəkildə təmin edilməsidir.
Məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə əvvəlki kimi Ədliyyə Nazirliyinin deyil, Məhkəmə-Hüquq Şurasının yeni yaradılmış Apellyasiya Şurası baxacaqdır” – deyə S.Hacıyev fikirlərini yekunlaşdırıb.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev də Azərbaycanda məhkəmə-hüquq islahatlarının mühüm mərhələyə qədəm qoyduğunu deyib.
“Son illər aparılan islahatlar öz nəticəsini verməkdədir. Məhkəmə hakimiyyətinin güclü olması üçün birinci növbədə onun maddi-texniki bazasının yaxşı yaradılmasıdır ki, biz buna nail olmuşuq. Bugün məhkəmələr üçün müasir binalar, hakimlər üçün yaxşı iş şəraiti yaradılıb. Hakimlərin əmək haqqlarında da artımlar bu işə öz tövhəsini verib” – deyə deputat bildirib.
N.Həmzəyev vurğulayıb ki, hakim korpusunun test yolu ilə formalaşdırılması prosesi də məhkəmələrin fəaliyyətində ciddi dönüş yaradıb: “Bugün biliyi , bacarığı olan hüquqşünaslar üçün hakim olmaq yolunda maneə yoxdur”.
Günay Mahirqızı