Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 3-cü rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.
Gununsesi.org xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını Müdafiə nazirinin müavini xüsusi vurğulayıb.
General-leytenant K.Vəliyev şəxsi heyətin nizam-intizamının möhkəmləndirilməsi, yanğın təhlükəsizliyinin və yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin təmin olunmasına nəzarətin gücləndirilməsi, eləcə də keçirilən praktiki dərs və təlimlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, sürücü heyətin peşəkarlığının artırılması və yol hərəkəti qaydalarına əməl edilməsi məqsədilə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Gununsesi.org