

“Sərəncam Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamını şərh edərkən deyib.
Onun sözlərinə görə, məlum sərəncamda hüquq sisteminin mühüm tərkib hissəsi olan penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə yönələn mühüm tədbirlərin geniş spektri öz əksini tapıb:. “Ölkəmizdə hüquqi islahatların yeni mərhələsinə start verilib. bütövlükdə bu Sərəncam Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir”.
Millət vəkili bildirib ki, hazırda ölkəmizin hüquq sistemində islahatların növbəti mərhələsinə başlanılması heç də təsadüfi deyil: “Son illər Azərbaycanda baş verən müsbət dəyişikliklər ölkəmizin nümunəvi inkişaf modelini formalaşdırıb və yeni reallıqlar meydana çıxarıb. Məhz dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevirib. Dövlət başçısının sərəncamında ölkəmizdə cəza siyasətinin daha da humanistləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi belə tədbirlər sırasında yer alır. Bundan sonra cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılacaq”. S.Fətəliyeva əlavə edib ki, sərəncamda cinayət maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması nəzərdə tutulub: “Şübhə yoxdur ki, bu yöndəki tədbirlər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üçün optimal baza formalaşdıracaq. Bütün bunlar Azərbaycanın humanizmə söykənən siyasətinin nümunəsidir ki, beynəlxalq müstəvidə də yüksək dəyərə layiqdir”.
Mürtəza
Gununsesi.info