Prezidentlə xanımı daha bir yolun təmiri ilə tanış olublar - YENİLƏNİB

  • By admin
  • 26 Dekabr 2016 13:40

mehi-ve-ilya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış oldular.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsdi.

***

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı Sərəncama uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan işlər yüksək keyfiyyətlə yerinə yetirilib. Əhali arasında “Südçülük savxozu”na gedən yol kimi tanınan bu küçə uzun müddət təmir olunmadığı üçün onun hərəkət hissəsi yararsız vəziyyətə düşmüşdü. Uzunluğu 4,5 kilometr olan küçənin həm də ensiz olması nəqliyyat vasitələrinin xüsusən də payız-qış mövsümündə hərəkəti üçün xeyli çətinliklər yaradırdı. Artıq bu problem tam aradan qaldırılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyunca səkilər tikilib. Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi qurulub. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb. Yenidənqurma çərçivəsində kommunikasiya xətləri kənara köçürülüb, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyunca zəruri yerlərdə 17 yol nişanı quraşdırılıb, yol-cizgi və göstərici xətlər çəkilib.

Yenidən qurulan bu küçə Heydər Əliyev prospekti – Hava Limanı – Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradacaq.

Gununsesi.info