
ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Missuri, Aydaho və Miçiqan ştatlarında keçirilən ilkin seçkiləri Respublikaçılar Partiyası daxilində prezidentlik yarışında davam edən yarışda qələbə ilə başa vurub.
Gununsesi.info xəbər verir ki, Donald Tramp partiya daxilində yeganə rəqibi, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyliyə qarşı namizədlik yarışında üstünlük qazanır.
Miçiqan ştatında keçirilən praymerizdə Tramp respublikaçı seçicilərin 68 faizini, ən yaxın rəqibi Heyli isə 27 faiz səs toplayıb.
Eyni gündə Aydaho ştatında keçirilən ilkin seçkilərdə Tramp 85 faizlə rəqibi Heyli üzərində böyük üstünlük əldə edib. Heylinin səsi 13 faiz olub.
“ABC news”un məlumatına görə, Tramp Missuri ştatında “kokus” adlanan partiya toplantısında əyalətdəki seçki kollegiyasının ümumilikdə 54 nümayəndəsini götürüb.
Missuri ştatında 54 seçki nümayəndəsinin rəsmi bölgüsü mayın 4-də Respublikaçıların qurultayında yekunlaşacaq.
Həftə sonu 3 ştatda keçirilən sonuncu praymerizlə Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün tələb olunan ümumi 1215 nümayəndənin 244-nə çatıb. Heylinin 24 elektoral kollegiya nümayəndəsi var.
Prezidentlik yarışının ən kritik günlərindən biri sayılan və 16 ştatda praymerizlərin keçiriləcəyi “Super çərşənbə axşamı”da seçicilər səsverməyə gedəcək. Martın 5-də keçiriləcək super çərşənbə axşamı praymerizlərdən sonra prezidentliyə namizədlərin vəziyyətinə aydınlıq gələcəyi gözlənilir.
Gununsesi.info