
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkisində namizədliyini vermək istəyən üç nəfərin sənədlərini qəbul etməyi gecikdirdiyi bildirilir.
Gununsesi.info xəbər verir ki, Ədliyyə Nazirliyinin təkrar qeydiyyata almaqdan imtina etdiyi Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan “Turan”a bildirib ki, dekabrın 25-də sənədləri təqdim etmək üçün gün ərzində MSK-da olub, amma qəbula düşə bilməyib: “Mənə dedilər ki, Mərkəzi Seçki Komissiyasının üzvləri iclasdadır, amma onlardan ikisinin binanı tərk etdiyini gördüm. İclas keçirilərsə, onlar niyə iclasda iştirak etməyib binadan çıxırlar? Bu sadəcə özbaşınalıqdır”.
Digər iki müstəqil namizədlər- tarixçilər Ulduz Quliyeva və Rəşad Dadaşov da agentliyə bildiriblər ki, dekabrın 23-dən MSK-ya gəlirlər, lakin sənədləri verə bilmirlər.
Məsələ ilə bağlı MSK-dan “Turan”a deyilib ki, iddiaçılar elektron formada da müraciət edə bilər və onların ərizələrinə beş gün ərzində baxılacaq.
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyi təsdiqlənən şəxslərin sayı, hələlik, yeddi nəfərdir. Ümumilikdə 15 nəfər namizədliyini verib.
Namizədliyi təsdiqlənənlərdən biri hazırkı prezident İlham Əliyevdir. Qalanları Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu, deputat Zahid Oruc, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və keçmiş Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.
Xatırlatma
Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.
AXCP və Müsavat partiyası seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
Gununsesi.info