Avraam Linkolnu təkcə ona görə sevmirlər ki, o, Şimal və Cənubu birləşdirdi, uzun müddət davam edən vətəndaş müharibəsini durdurmağa nail oldu və bununla da Amerika dövlətinin çökməsinə imkan vermədi, onu həm də düşmənlərini dost etməyi bacardığı üçün pərəstiş ünvanına çeviriblər.
Bildiyiniz kimi, sadə bir fermerin oğlunun məqsədyönlü və usanmaz əməyi onu bir ölkənin prezidentinə çevirmişdi. Ona görə də fəhlə sinfindən gələn qəlbiyumşaqlıq və barış hissi onun verdiyi qərarlara da təsirini göstərirdi. Gerçəkdən də biz öz zamanını qabaqlayan davranşlardan danışırıq.
Seçkilərdə rəqibi və onu hər cür həqarətlə aşağılayan,ünvanına söyüşlər yağdıran bir adamı gətirib hökumətdə vəzifə vermək o dövr üçün ağlasığmaz sayılırdı.Axı yalnız 20-ci əsrdə siyasi tolerantlıq kəlməsi dəbə düşüb.Bizsə, Linkolna zahiri görkəmindən siyasi əbasına qədər hər şeyə tənə edən adamın hərbi nazir təyin olunması kimi qeyri-adi gedişdən bəhs edirik.Ona görə də “düşməni üzərində qələbəni onu müttəfiqə çevirməklə” həyata keçirənlər təkcə bir seçkini deyil, zamanın özünü udurlar.
Azərbaycan nümunəsində siyasi səbr və dözüm limitinin aşağı düşdüyünü deyənlər, çox haqlıdılar. Deməli, filosoflar demiş, onun qnoseoloji kökləri var. Dini, milli və sosial fərqlərə baş vurmadan cəmiyyətin halını təhlil etsək, virtual məkana daşınan aqressiyadan çıxış edərək,alt qatda gedən gizli proseslərin mahiyyətini düzgün qiymətləndirməyin vacibliyini dərk etməliyik.
Lakin “qəza yastığı”nı işə salıb qarşlıqlı nifrəti və qütbləşmənin dərinləşməsini durdurmağa nail olmaq lazımdır. Biz sözdən həyata enəndə hər gün ətrafımıza kin-küdurət səpə bilmərik. Texnoloji tərəqqinin gətirdiyi yenilikləri hər kəs əlində silaha çevirirsə, bir gün o mütləq gerçək toqquşmalara yol aça bilər.
Ona görə də siyasət adamları özünü əşirət başcısı kimi aparmamalı, qisasçılığı və nifaqı stimullaşdırmamalıdır. Elə isə biz vətəndaş sülhünü nədə görürük?
Hətta Novruz tonqalına belə atıb yandırmağa gücümüzün çatmadığı tanımazlıq və inkar siyasətini, düşmənə deyil, bir-birimizi vurmağa bükülmüş əllərin açılması şərtlərini bizdən gözləyin.
Seçkiyə gedən yolumuz qəlbləri qırmaqdan deyil, qurmaqdan keçəcək!
Zahid ORUC
Gununsesi.info