Prodüser Təranə Səmədova övladlarını diləndirib? -VİDEO

Prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Bizim.Media xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində həmkarı haqqında sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirmək üçün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəni canlı yayıma qoşub.

Tolik bildirib ki, Təranə Səmədovanın iki qız övladı – 13 yaşlı Suel və 7 aylıq Adel – hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Aparıcı həmçinin əlavə edib ki, müğənni Rəqsanə İsmayılova Təranənin qızlarını öz evində saxlayıb.

Sözügedən faktı təsdiqləyən K.Ağazadə məsələ ilə bağlı bu açıqlamanı verib:

“Bir neçə gün əvvəl qonşularımdan zəng gəldi. Onlar söylədilər ki, Təranə Səmədovanın uşaqları çox acınacaqlı vəziyyətdədirlər. Uşaqlar ananın şiddəti ilə qarşılaşıblar. Onlar küçədədirlər. İlk olaraq qonşuların İcra Hakimiyyətinə müraciət etmələrini istədim. Bu məsələ çox həssasdır. Burada mütləq həm hüquq-mühafizə orqanları, həm İcra Hakimiyyəti, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kompleks şəklində uşaqların müdafiəsini həyata keçirməlidirlər. Təranə barədə həbs qətimkan tədbiri seçildi. Rəqsanə isə uşaqları bir neçə günlük yanında saxladı”.

Tolikin “Təranə evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel ilə dilənçiliyə məcbur edib?” sualını isə sığınacağın təsisçisi bu cür cavablandırıb:

“Hazırda Suelin sığınacağımızda adaptasiya dövrü başlayıb. Onlar birinci gecəni bizdə keçirdilər. Hər şey qaydasındadır.

Suel ailəsində o qədər xoşagəlməz hadisələrlə qarşılaşıb ki, bu sığınacaq onun üçün sanki rahat mühitə çevrilib. Diqqət, qayğı görüb. Bu məsələ ilə bağlı qonşular da məlumat veriblər, eyni zamanda Suelin bəzi danışdıqları var. Amma bunlara hüquqi qiymət verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərini dəvət edəcəyəm. Bizim psixoloq da Suel ilə ilkin söhbətlər aparıb. Bir neçə gündən sonra artıq uşağın vəziyyəti ilə bağlı açıqlama verəcəyəm. Bu gün onlar tibbi müayinədən keçməyə göndərildilər. Yeddi aylıq Adeldə sağlamlığı və inkişafı ilə bağlı geriləmə var. Bu problemi aradan qaldırmalıyıq. Qaldı ki uşaqların gecə saatlarında küçədə olma faktı məsələsini Rəqsanə mənə deyib”.

Aparıcının “Şayiələr gəzir ki, güya Suel anasından imtina etmək istəyir. Rəqsanə isə mənə söylədi ki, Təranə həbs olunmazdan əvvəl beş gün narkoloji reabilitasiya mərkəzində müayinələrdə olub” sözlərinə K.Ağazadə belə münasibət bildirib:

“Bəli, bir məlumat var. Biz də bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyik”.

Verilişdə Tolik Suelin atası, nağara ifaçısı Abbas Cəfərovun qızına aliment verməsi ilə bağlı proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevaya müraciət edib. Vəkil isə bu məsələdə onlara yardımçı olacağını dilə gətirib.

Gununsesi.info