6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu - 10 İL AZADLIQDAN MƏHRUM EDİLDİ (YENİLƏNİB)

  • By admin
  • 01 Avqust 2017 16:40

sumqayit qeza surucu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Gununsesi.info-nun xəbərinə görə, sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

***

15:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 5 il sürücülük hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda zərərçəkənlərin mülki iddialarının təmin edilməsini istəyib.

Daha sonra zərərçəkmişlərin hüquqi varisi son sözlə çıxış ediblər. Onlar dövlət ittihamçısının çıxışı ilə razı olmadıqlarını deyib. Zərərçəkmişlər N.Hüseynova ən ağır cəza verilməsini istəyib.
N.Hüseynovun vəkili çıxışında məhkəmə araşdırmasından narazı olduğunu bildirib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.
N.Hüseynov son sözündə qeyd edib ki, məhkəmədən güllənmə cəzası tələb edib: “Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?”.
Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb. Hər iki tərəf bir-birini təhqir edib.
Hazırda prosesdə fasilə elan edilib.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Gununsesi.info