
Qətldə təqsirləndirilən sabiq polis əməkdaşı Samir Əliyev növbəti dəfə hakim qarşısına çıxarılıb. O, keçmiş arvadı, 2 saylı doğum evinin həkim-ginekoloqu olmuş Natavan Əliyevanın qətlində ittiham olunur.
Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinahətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin hüququ varisi çıxışında bildirib ki, qızını S.Əliyev öldürüb, təqsirləndirilən şəxsə isə ağır cəza verilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışına hazır olmadıqlarını üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti məhkəmə iclası mayın 31-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevaya aid olduğu müəyyən edilib.
Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub.
Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.
Samir Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.