
Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə F. Əmirlinin vəkili F. Mehdiyev məhkəməyə gəlməyən şahidlərin ifadəsinin elan olunması ilə bağlı prokurorun ötən iclasda verdiyi vəsatətə etiraz edib. Vəkil bütün şahidlərin məcburi qaydada məhkəmədə dindirilməsini istəyib.
Hakim A. Əliyeva vəkilinin etirazını nəzərə alaraq, prokurorun vəsatətini rədd edib.
Sonra şahid Rəna Əfəndiyeva dindirilib. O, sənəd itkisi ilə bağlı “Azadlıq” qəzetinə elan verdiyini deyib: “Bu elana görə isə 2 manat pul ödəmişəm. Faiq Əmirlini tanımıram”.
Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.
Qeyd edək ki, F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.
Gununsesi.info