“305.76 AZN – mənim bu ildən aldığım təqaüddür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində çoxlu sayda şikayətlər olsa da heç vaxt bu sahəyə diqqət ayırmamışdım. Bilirdim ki, Sahil Babayevin sələfləri bu sahəni elə bərbad günə salıblar ki, hər il minlərlə saxta təqaüdlər ləğv edilir və qısa müddətdə bu nazirlikdə qayda-qanun olmayacaq.
Gununsesi.info-nun xəbərinə görə, bunu sosial şəbəkə hesabında tanınmış vəkil Aslan İsmayılov yazıb.
Vəziyyətin bu həddə çatmasından xəbərsiz olduğunu vurğulayan Aslan İsmayılov daha sonra əlavə edir:
“Görünən odur ki, bu hakimiyyət öz məmurlarının taladığı milyardları da vicdanlı vətəndaşlardan çıxır. Belə olmasa 24 sentyabar 1975-ci ildən bu günə qədər (48 ildən artıq) bir ay da işsiz olmadan yekunda 304 manat təqaüd almazdım. Bu 48 il ərzində tornaçı, hakim, məhkəmə sədri, Respublika Prokurorluğunda prokuror, Prezident Aparatında baş məsləhətçi olmuşam. 1994-cü ildən bu günə qədər isə imkan veriləndə vəkillik etmişəm, xaric ediləndə isə bir müddət lisenziya əsasında, bu qayda ləğv ediləndə etibarnamə əsasında hüquqşünas kimi fəaliyyət göstərmişəm.
Mənə bu məbləğ təyin ediləndə maraqlanıb gördüm ki, mənim vəziyyətimdə yüz minlərlə insan var. Deməli bizimlə, heç bir yerdə işləməyən insan arasında elə bir fərq yoxdur. Əvəzində prokuror, hakim işlədiyi dövrlərdə cib kəsənlər, qan içənlər 4-5 min təqaüd alırlar. Bunlardan bəziləri isə nəvələrini övladlığa götürüblər ki, onların ölümündən sonra nəvələri ailə üzvü kimi dövləti talamaqda davam etsinlər. Bu isə ədalətsizlik yox, biabırçılıqdır”.
Elmar
GUNUNSESİ.İNFO