
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə hakim Mayıl Bayramovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun məlumatına görə, prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonunda baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətlər olan qadın meyiti aşkarlanıb. Meyidə baxış keçirilərkən, onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.
Qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyənləşdirilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğu aşkarlanıb. F. Qədimov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
Gülnaz Qənbərli
Gununsesi.info
