Prokuror Maqsud Mahmudova cəza istədi

  • By admin
  • 27 Aprel 2022 21:51

Ukraynada tutularaq Azərbaycana gətirilən işadamı Maqsud Mahmudovun 14 il azadlıqdan məhrum edilməsi istənilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyir ki, Mahmudova verilən dələduzluq, xüsusi dəyəri olan əşyaların talanması və s. ittihamlar məhkəmədə təsdiqini tapıb. Cinayət işinin materiallarında iddia olunur ki, o, sahibi olduğu lombarda qoyulmuş qızıl-zinət və başqa əşyaları ələ keçirib. Əşyaların sahibləri isə zərərçəkən statusunda tanınıb.

Prokurordan sonra məhkəmədə danışan zərərçəkənlər bildirib ki, Mahmudova nə qədər cəza verilməsinin onlar üçün önəmi yoxdur. Onlar dəymiş ziyanın ödənilməsini istəyirlər: “Əsas odur, ziyan odənilsin…”.

Təqsirləndirilən Mahmudov isə üzünü zərərçəkmişlərə tutaraq onların aldadıldıqlarını bildirib. O vurğulayıb ki, onu cəzalandırmaqdan ötrü bu şəxslərdən istifadə olunub.

“Sizin hamınızdan istifadə elədilər…”, – şüşə kabinədən zərərçəkənlərə belə deyib.

Prosessual qaydalara əsasən, məhkəmədə prokurorun çıxışından sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edir. Ardınca şəxsin özü son sözünü deyir.

Vəkil isə çıxışa hazırlaşmaq üçün hakimdən vaxt istəyib. Ona aprelin 27-nə qədər vaxt verilib.

Qeyd edək ki, Mahmudov Ukraynaya getməmişdən öncə Bakıda müxalifətin keçirdiyi aksiyalarda prezidenti müdafiə edən şüarlar səsləndirirdi. Sonradan o, sosial şəbəkələrdə canlı yayımlarda Azərbaycan hökumətini tənqid edərək təzyiqlərə görə qaçdığını iddia edirdi.

Mahmudov keçmiş MTN generallarının haqqında cinayət işində də zərərçəkmiş qismində tanınmışdı. O işdə iddia olunurdu ki, sabiq MTN-çilər onu intim görüntülərini çəkərək, onları yaymaqla şantaj edərək onun külli miqdarda pulunu alıblar.

Budəfəki cinayət işində Mahmudov həm də şantajla pul tələb etməkdə suçlanır. Zərərçəkmişlər arasında Əməkdar artist Vasif Məhərrəmli, müğənni Afət Fərmanqızı da var. Onlar da məhkəmədə dindiriliblər.

Mahmudov ittihamları qəbul etmir, özünü təqsirli saymır. O, sifarişlə həbs olunduğunu deyir.

Elmar

Gununsesi.info