Prokuror prorektorun qətli ilə bağlı təqsirli bilinən rektora cəza istədi

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin hər birinin tamah məqsədi ilə adam öldürməkdə təqsirli bilinməsini-keçmmiş rektor Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Prokuror onların hər birinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduqlarını əlavə edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün vaxt verilib.

Hazırkı Cinayət Məcəlləsində təqsirləndirilən şəxslərin ittiham olunduğu maddənin sanksiya həddi 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Bu hadisə baş verən dövrdə (2011-ci il) isə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsinin sanksiyasında ən ağır cəza 15 il azadlıqdan məhrum etmə olub.

Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia edilir ki, M.Atakişiyev prorektoru öldürməyi bacısı oğluna sifariş verib. O da öz növbəsində bu işi 40 min dollar qarşılığında həmyerlisi S.Quliyevə həvalə edib. İttihama görə, S.Quliyev 2011-ci il sentyabrın 16-da səhər saat 5 radələrində T.Əhmədovu idman elədiyi meydançada dəmir boru ilə öldürüb.

M.Atakişiyev məhkəmədə etiraf edib ki, rektor olduğu dövrdə T.Əhmədovla aralarında ciddi problemlər varmış. Dediyinə görə, prorektor onun vəzifəsindən uzaqlaşdırılmasına, hətta həbs olunmasına çalışırdı. Bu səbəbdən, o da T.Əhmədovun özünün bir müddət işdən kənarlaşdırılmasını istəyib:

 

Onun öldürülməsini yox, bir müddət işdən kənar qalması üçün xəsarət yetirilməsini, xəstəxanalıq olmasını istəmişəm. Onun ölümü mənə sərf eləmirdi, aramızda problemlər vardı deyə, şübhələr mənə yönələ bilərdi. Əvvəllər dost olmuşduq, sonradan münasibət kəskinləşmişdi. Yerimdə özü oturmaq istəyirdi, rektorluq müddətimin uzadılmamasına çalışırdı. Eşitdim ki, hətta maliyyə məsələlərilə əlaqədar məni həbs elətdirmək istəyir. Yuxarı orqanlarla əlaqələri vardı, bilirdim ki, eləyər…”

 

M.Atakişiyev prorektoru qətlə yetirməkdən ötrü 40 min dollar verməsi haqda ittihamda yazılanları da təkzib edib.

 

Həbs olunanadək taksi sürücüsü işləmiş S.Quliyev prorektoru öldürdüyünü məhkəmədə təsdiqləyib. Amma deyir ki, bu işi pula görə yox, dostu və qonşusu olan Dəyanətin xahişinə görə eləyib. O, törətdiyi cinayətin əvəzində 40 min dollar almasının da doğru olmadığını söyləyir.

 

Dəyanat Quliyev keçmiş polis zabitidir. O, 2000-2022-ci illərdə daxili işlər orqanlarında, o cümlədən Binəqədi rayonu, 7-ci polis bölməsində mayor rütbəsində, əməliyyat müvəkkili kimi xidmət edib.

 

T.Əhmədovun qətlinin üstü 12 il sonra – ötən ilin mayında açılıb. D.Quliyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, 2011-ci ildə prorektoru qətlə yetirdiyini xəbər verib, amma cinayəti təkbaşına törətdiyini deyib.

 

Onun həbsindən sonra həyat yoldaşı, qızı qohumlarla söhbətlərində, telefon danışıqlarında D.Quliyevin dayısına görə cəza çəkdiyini bildirərək, M.Atakişiyevi günahlandırıblar. Narazılıqlar böyüyüb, hüquq-mühafizə orqanları da bundan xəbər tutub və 2023-cü ilin noyabrında M.Atakişiyevlə S.Quliyev də həbs olunublar.

Gununsesi.info