Prokuror qaynını öldürənə 18 il cəza istədi

  • By admin
  • 03 İyun 2017 12:13

mehkeme

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Gununsesi.info-nun məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyunun 22-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayının 4-də paytaxtın Xətai rayonunda baş verib. Naxçıvan şəhər sakini T. Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu – Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R. Cəfərov hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Fərəcov tutulub. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R. Cəfərovla hadisəni törədən T. Fərəcov qayın-yeznədir. Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin kirayə yaşadığı mənzilinə gələn 35 yaşlı R. Cəfərov burada yeznəsi T. Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T. Fərəcov onu bıçaqlayaraq öldürüb. T. Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R. Cəfərovun bacısı da evdə olub.

Gununsesi.info