Prokurordan Eldar Həsənova ağır cəza tələbi

  • By admin
  • 07 Yanvar 2022 11:23

Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun mühakiməsini başa çatdırmaq üzrədir.

Gununsesi.info-nun məlumatına görə, yanvarın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər. Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib. 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır. 2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. Baş Prokurorluğun İstintaq İdarəsi 2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları rədd edir. Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən mühakimə olunur. Məhkəmə sədrinin müavini Əfqan Hacıyevin apardığı prosesdə Eldar Həsənovun hüquqlarını dörd vəkil qoruyur: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Qeyd edək ki, Məhkəmə prosesi dönəmində Eldar Həsənovun vəkilləri tərəfindən verilmiş 74 vəsadətin heç biri təmin olunmayıb.

Eldar Həsənov ittihamları rədd edərək, həbsinin sifariş olduğunu bəyan edir.

Gununsesi.info