Prokurorların sosial müdafiəsi gücləndirildi

Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib.

 

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Dəyişikliklə prokurorluq işçiləri ilə yanaşı prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir. Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və “Prokurorluq haqqında” qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldiləcək.

 

Qanunun 39-cu maddəsində qeyd edilib ki, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:

– prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

 

– prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;

 

– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.

 

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

 

Gununsesi.info