Prokurorluq faciəvi şəkildə ölən 11 yaşlı uşaqla bağlı məlumat yaydı

  • By admin
  • 02 Aprel 2021 10:50

Şabran rayon Prokurorluğu aprelin 1-də saat 14 radələrində Şabran şəhərində baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb.

Gununsesi.info prokurorluğa istinadən xəbər verir ki, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info