Prokurorluqdan işdən azad olunan müstəntiq Avropa Məhkəməsində qalib olub

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə ümumilikdə 10 qərar və qərardadını elan edib.

Gununsesi.info bildirir ki, əksər ərizələrə baxılması tərəflərin dostca anlaşması və hökumətin təqdim etdiyi təktərəfli bəyannamə əsasında başa çatıb.

Bir işdə mahiyyəti üzrə qərar verilib. Şamil Quliyev Azərbaycana qarşı Bu işdə mahiyyəti üzrə qərar elan edilib. İşdə ərizəçi Şamil Nəbi oğlu Quliyev Azərbaycan vətəndaşıdır, 1974-cü ildə anadan olub, Bakı şəhərində yaşayır.

Məhkəmə işi ərizəçinin rəfiqəsi ilə əlaqəsini sonlandırdıqdan və onların arasında cinayət təqibi orqanlarının araşdırmasına səbəb olan mübahisədən sonra prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı idi.

Ərizəçi, prokurorluqdakı işindən “müvafiq tövsiyələrə baxmayaraq”, “lazımi nəticə çıxara bilmədiyi və keçmiş sevgilisi ilə şəxsi münasibətindən qaynaqlanan problemin həlli üçün addımlar atmadığı üçün” azad edilmişdi.

O, 2013-cü ildə təqdim etdiyi şikayətində iddia edirdi ki, onun işdən çıxarılması qanunsuz olub və Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun pozuntusu ilə müşayət olunub.

AİHM bu işdə ərizəçinin iddialarını əsaslı hesab edib. Qərar Konvensiyanın 8-ci maddəsinin pozuntusunun tanınmasını, hökumətin ərizəçiyə mənəvi zərər əvəzi 7 min avro təzminat ödəməsini nəzərdə tutur.

 

Afət Abbasova

Gununsesi.info