Psixoloqun intiharı və Cocuq Mərcanlıdakı Oqtay Eloğlumuz - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 26 Yanvar 2017 17:30

leman

Əslində mənim bu köşəmin qəhrəmanı  Oqtay Həziyev olmalıydı. Bu ad sizə heç tanış gəlmədi, deyilmi? Mən də onu cəmi iki gün əvvəl tanımışam. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamından sonra. Onda bilmişəm ki, 1994-cü ildə Horadiz əməliyyatı nəticəsində geri alınan Cəbrayılın Cocuq Mərcanlı kəndində cəmi bir ailə yaşayır. O da Oqtay Həziyevin ailəsidir. Onun açıqlamasını oxuyanda ayağımın altından yer qaçdı sanki. Görün nə deyir. Sitat. ” Hər kəs bu kənddən çıxıb gedəndən sonra bu kənddə yaşamağa davam edən yeganə sakinəm. Bu illər ərzində bir dəfə də olsun kənddən çıxmağı düşünməmişəm. Təbii ki, çətinliklərimiz çox olub. Burada bircə ailə də olmayıb. Bir tərəf düşmən, bir tərəf zülmət. Təsəvvür edin, burda yaşamaq necə olub? Amma ailəmlə bir-birimizə dəstək olmuşuq. Uşaqlarımın təhsil alması üçün hər gün onları qonşu kənddə yerləşən məktəbə aparıb gətirmişəm. BU illər ərzində ailəmi təsərrüfatla dolandırmışam. Əl-ələ verib heyvandarlıqla, taxılçılıqla məşğul olmuşuq.” Sitatın sonu.

deyanet

Sizi bilmirəm, mən bu açıqlamaya çox heyrətləndim. Adam sanki Robinzon Kruzo kimi  20 ildir bir adada  yaşayır. Bir fərqlə,Oqtayın “Cümə”sindən başqa bir-iki də övladı olub yanında. Vəssalam! Onu 20 ildir bu kənddə saxlayan qüvvəyə adı nə olmasından asılı olmayaraq  qibtə etdim. Heç kim bunu bacarmaz. Heç kim öz həyatını, övladının həyatını təhlükəyə atıb erməninin beş addımlığında illərlə yaşamaz. Yaşayar eeeee. Bilsə ki, onun kimi  daha 10-15 ailə də var. Nə isə… Dediyim o ki, mən bu gün Oqtayın dəyanətindən yazacaqdım , amma həm də Dəyanət Rzayevin intihar xəbərindən yazası oldum. Dəyanət sözünün mənası möhkəmlik, səbat deməkdir. Dəyanət Rzayevi də çıxışlarından belə tanıyırdıq. O ölkənin tanınmış, sanballı psixoloqlarından biriydi. Maraqlı açıqlamaları, gözəl natiqlik qabiliyyəti, işinin peşəkarıolması bu xarizmatik insanı zənnimcə hər kəsə sevdirə bilmişdi. Bu gün onun ölüm xəbərinin ajiotaja səbəb olması da əslində Dəyanətin cəmiyyətdəki mövqeyindən, nüfuzundan xəbər verir. Onu çalışdığım televiziyada demək olar ki, hər həftə görürdüm. Pozitiv biriydi, üzü həmişə gülürdü. Bir dəfə işin stressinin məndə yaratdığı gərginliyi dəhlizdə ona deyəndə “mütləq, mənim seanslarıma gəlin, Ləman xanım” demişdi. İnandırmışdı ki, hər şey yaxşı olacaq. Mən onun seansına getmədən də yaxşılaşdım. Amma onun özü üçün çox pis oldu. Niyə? Nə idi onun dəyanətini tükədən? Hər gün ətrafımızda baş verən intiharlarmı? Cəmiyyətdə sosial tarazlığın pozulmasımı? Yaşamaq şərtlərinin günü-gündən ağırlaşması bəlkə? Yoxsa ailəsində baş verən böhran? Hər şey səbəb ola bilərdi əlbəttə. Amma bu,  bir ağıllı,təhsilli, adının mənası kimi  səbatlı adamı intihara sürükləyə bilərdimi?  Açığı mən qorxmağa başlamışam. Ölkədə intiharlar az qala tendensiya halını alır. Yanvar ayında bu mənim intiharlarla bağlı yazdığım ikinci yazıdır. Hər kəs intihar edə bilər, hər şey intihar üçün əsas ola bilər. Əgər dünyaya meydan oxuyan Yaponiyada belə intihar meşəsi varsa və adamlar gedib o meşədə özlərini asırlarsa,  bizdə də olacaq əlbəttə. Burda təəccüblü heç nə yoxdur. Təəccüb doğuran sadəcə bunun  sanki epidemik  xarakter daşıması və bunun müqabilində  insanları intihar etməkdən çəkindirən, onların maariflənməsinə hesablanan sosial çarxların olmamasıdır. Bir də  adamların laqeydliyi. Məncə intihar həddinə çatan şəxs ətrafına hansısa formada mesaj ötürür. Bu gün dostları yazır ki, Dəyanət də axır vaxtlar depressiyaya düşmüşdü.Bəs ona nə ilə kömək etdilər? Bunu yazan yoxdur. Yəqin düşünüblər ki, psixoloqdu, neynəsə də, canına qıymaz. Amma o qıydı. Səbəbini də ən yaxşı özü bilirdi. Şəxsən mən bu itkidən çox sarsıldım.  Eyni zamanda hər gün eşitdiyim intihar xəbərlərindən də bir o qədər narahat oluram. Qıymayın canınıza, dostlar! Boğazınıza doladığınız kəndir sizi həyata, yaşamağa da bağlaya bilər. Bunun ən gözəl nümunəsi 20 ildir  Cocuq Mərcanlıda tək yaşayan Oqtaydır!  Cəfər Cabbarlı sağ olsaydı, məncə  yeni bir “Oqtay Eloğlu” dramı yazardı.Gəlin, onun Dəyanətindən öyrənək!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info