“Pulu Almaniyaya viza düzəltmək üçün almışdım” -MƏHKƏMƏ

  • By admin
  • 30 Mart 2018 12:03

“Məni Avropa ölkələrindən birində inşaat sahəsində işlə təmin
edəcəkdi. İlk olaraq Almaniyada işləyəcəyimi deyilmişdi. Amma mənim
üçün fərqi yox idi, demişdim hansı Avropa ölkəsi olsa gedəcəyəm…”, –
Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zərərçəkmiş Ramin
Əmiraslanov belə deyir.
Gununsesi.info xəbər verir ki, o, dələduzluqda təqsirləndirilən Arif
İbrahimovun işində zərərçəkmişdir.
R.Əmiraslanovun sözlərinə görə, işlə təmin olunması üçün A.İbrahimova
8500 manat pul verib: “Maaşın nə qədər olacağını danışmamışdım”.
Zərərçəkmiş deyir ki, cinayət işi başlanandan sonra təqsirləndirilən
şəxs ondan aldığı pulun bir qismini qaytarıb, 1200 manat qalıb. İndi
həmin pulun da qaytarılmasını tələb edir. Əgər ziyan tam ödənilsə,
A.İbrahimova qarşı şikayət və tələbi olmayacaq.
Təqsirləndirilən A.İbrahimov isə bildirib ki, zərərçəkmişdən pulu onu
işə düzəltmək üçün yox, viza verilməsi üçün alıb: “Mənim Ceyhun
Yusifov adında tanışım var, Almaniyadan məhsul gətirirdi. O demişdi
ki, vizanı həll edəcək. Mənə 8500 yox, 5500 manat verilib. Onu da
Ceyhuna vermişəm. Ceyhun Yusifov da Yasamal polisində ifadəsində pulu
aldığını etiraf edib. Mən Raminə qalan pulu ödəyəcəyimi demişəm”.
C.Yusifov şahidlər siyahısında olmasa da, onun əlavə şahid kimi
dindirilməsinə qərar verilib.

Gununsesi.info