
Paytaxtın Nəsimi rayonunda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların pozulduğu restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Gununsesi.info-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Ramal Rivan oğluna məxsus “Puşkin” restoranında antisanitar vəziyyətlə bağlı daxil olmuş məlumat əsasında AQTA əməkdaşları plandankənar yoxlama keçirib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, qida obyektində temperaturun monitorinqi və qeydiyyatının, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

