Putinə etiraz edən jurnalist saxlanılıb

  • By admin
  • 19 İyul 2022 11:57

Televiziya ilə nümayiş etdirilən canlı yayımı kəsərək, Rusiyanın Ukraynaya təcavüzünü pislədiyi üçün məşhurlaşan rusiyalı jurnalist Marina Ovsyannikova bazar ertəsi bir neçə saat saxlandıqdan sonra sərbəst buraxıldığını bildirib.

“Mən evdəyəm. Hər şey qaydasındadır. İndi mən evdən çıxanda pasportum və çantamı özümlə götürməli olduğumu daha yaxşı bilirəm” – deyə, o, Facebbok səhifəsində yazıb.

Ovsyannikovanın vəkili Dmitri Zaxvatovun bildirdiyinə görə, o, ordu haqqında yalan məlumat yaymaqda ittiham olunan müxalifət fəalı İlya Yaşini dəstəkləmək üçün keçən həftə Moskva məhkəməsi qarşısında çıxışı zamanı ordunu “diskreditasiya” etməkdə şübhəli bilindiyi üçün saxlanıb.

Ukraynaya qoşun göndərdikdən sonra Moskva hakimiyyət orqanları tərəfindən hərbçilər haqqında yalan hesab edilən məlumat yaymağa görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanun qəbul edib.

Hələlik Rusiya hökuməti Ovsyannikovaya qarşı hər hansı cinayət təhqiqatının başlandığını bildirməyib.

Ovsyannikovanın qısa müddətə saxlanması onun Ukraynaya hərbi müdaxiləni və prezident Vladimir Putini tənqid edən şüar qaldıraraq, Kreml yaxınlığında təkbaşına nümayiş keçirdikdən bir neçə gün sonraya təsadüf edib.

Ovsyannikova beynəlxalq aləmdə mart ayında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləmək üçün işlədiyi kanaldakı canlı televiziya yayımını kəsməsindən sonra tanınıb.

O, Birinci Kanalın aparıcı “Vremya” axşam xəbərlər proqramının çəkiliş meydançasına əlində ingilis dilində “Müharibəyə yox” yazılmış plakatla daxil olub.

Bundan sonra o, qısa müddətə həbs olunub, cərimələnib və sonra sərbəst buraxııb.

Onun etiraz görüntüləri bütün dünyaya yayıldı və o, Rusiyanın fərqli səsləri sərt şəkildə boğduğu bir vaxt göstərdiyi cəsarətə görə insanlar tərəfindən alqışlandı.

 

Gununsesi.info