“Putin Ərdoğanı təbrik etməsəydi, Türkiyə prezidenti bunu unutmayacaqdı” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 19 Aprel 2017 08:41

 

erdogan_putin_011214

Hələ dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyirdi ki, referendum Türkiyənin daxili işidir. Yəni bu sözlərlə ona işarə edirdi ki, Rusiyadan təbrik gözləməyə dəyməz.

Gununsesi.info-nun verdiyi məlumata görə, bu sözləri politoloq Elxan Şahinoğlu özünün facebook səhifəsində Rusiya lideri Putinin Türkiyə Prezidenti Ərdoğanı təbrik etməsinə yazdığı qısa replikada bildirib. Onun sözlərinə görə, Peskovun açıqlamasına rəğmən, Putin 24 saat içərisində fikrini dəyişdi:

“Çünki gözlənilmədən Rəcəb Təyyub Ərdoğana Amerika Prezidenti Donald Tramp zəng edərək türkiyəli həmkarını qələbə münasibətilə təbrik etdi. Bundan sonra Putin Ərdoğanı təbrik etməsəydi, Türkiyə prezidenti bunu unutmayacaqdı. Putin isə Türkiyənin Amerikanın yanında olmasını istəmir. Demək, Peskov yanılıb, referendum “daxili iş” deyil, həm də geosiyasi məsələdir”.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti ATƏT müşahidə missiyasının “Türkiyədə referendum Avropa Şurası standartlarına uyğun keçirilmədi” kimi ilkin hesabatını əsas gətirərək, Türkiyə ilə bağlı mövqelərinin ATƏT-in yekun hesabatından sonra açıqlanacağını bildirdi. Bundan az sonra isə ABŞ Prezidenti Türkiyə liderinə zəng edərək, Ərdoğanı qələbə münasibəti ilə təbrik etdi.

Bundan dərhal sonra Putinin niyə gecikdiyi barədə suallar ortaya çıxdı. Kreml sözçüsü Peskov bu gün günorta saatlarında bu yöndən verilən suala cavabında referendumun Türkiyənin daxili iş olduğu üçün hər hansı müraciət, zəng və açıqlamaya ehtiyac görülmədiyinə eyham vurdu. Ancaq nəhayət, bir neçə saat öncə Putin Ərdoğana şəxsən zəng etdi.

Gununsesi.info