Putin Ərdoğanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Gununsesi.info Kremlin səhifəsinə istinadən xəbər verir ki, dərc olunan təbrikdə aşağıdakı ifadələr yer alıb:

“Cənab Ərdoğan, əziz dostum,

Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu seçkilərdə qazanılan qələbə Türkiyə Cümhuriyyətinin rəhbəri kimi Sizin fədakar əməyinizin təbii nəticəsi, türk xalqının dövlət suverenliyinin möhkəmləndirilməsi və müstəqil xarici siyasət yeridilməsi istiqamətində səylərinizi dəstəklədiyinin əyani sübutu idi.

Rusiya-Türkiyə dostluq münasibətlərinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfənizə görə minnətdarlığımızı, həmçinin ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv dialoqumuzu davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq etmək istərdim.

Biz planlaşdırılan birgə layihələrin ardıcıl həyata keçirilməsinə, xüsusilə Akkuyu Atom Elektrik Stansiyasının tikintisinə və Türkiyədə təbii qaz qovşağının yaradılmasına böyük əhəmiyyət veririk.

Dövlətin rəhbəri kimi belə məsuliyyətli fəaliyyətinizdə bütün qəlbimlə Sizə yeni uğurlar, cansağlığı və firavanlıq arzulayıram.

Hörmətlə,

Vladimir Putin”

 

Tərcümə

Şəbnəm

Gununsesi.info