Putin bu halda siyasətdən gedəcək - Politoloq

  • By admin
  • 10 May 2022 14:35

“Lend-liz qanununun imzalanması böyük önəm daşıyır. Buradan görünür ki, Qərb dövlətləri Ukraynaya bundan sonra da güclü dəstək göstərəcək. Ancaq bu yardımlar vasitəsiylə Ukrayna ordusunun rus qoşunlarını öz torpaqlarından çıxarma məsələsi müəmmalıdır”.

Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Politoloq qeyd edib ki, ABŞ-ın imzaladığı qanun ilə Ukrayna ordusunun imkanları genişlənəcək: “Ukraynaya yardımların genişlənməsi Rusiyanı məcbur edəcək ki, tam şəkildə öz hərbi imkanlarından istifadə etsin. Yəni müharibənin daha da genişlənməsi təhlükəsi mövcuddur. Rusiyanın bütün qüvvəsi ilə hücum etməsi qaçılmazdır.

Ukrayna hərbi heyətinin göndərilən yeni silahları öyrənməsi böyük vaxt tələb edir. Hərbi texnikaların istifadə olunması üçün Ukrayna ordusuna minimum 3 ay lazım olacaq. Hətta hərbi hava qüvvələrində bu müddət daha da çoxdur. Çünki bir pilotun peşəkarlaşması üçün 4 il vaxt lazımdır. Bu cür yardımların təsiri dərhal özünü göstərməyəcək, amma müharibə uzun çəkərsə, Ukrayna ordusu müəyyən nəticələr əldə edə bilər. Rusiya isə müharibədə məğlub olarsa, Putin və digərləri siyasətdən getməli olacaqlar. Yəni buradan belə bir nəticə çıxır ki, Putin bütün hərbi imkanlarından istifadə edəcək. Hərbi əməliyyatların genişlənməsi və daha böyük həcmli dağıdıcı silahların istifadə olunması istisna olunmur. Yəni Rusiya məğlub olmamaq üçün hücumlarının şiddətini artıracaq”.

Gununsesi.info