Putin də şikayətləndi : “Problem bizim hamımıza ümumi, sovet keçmişimizdən miras qalıb”

  • By admin
  • 08 Avqust 2016 19:17

put-1

“Bizim münasibətlərin xarakteri barədə Sizin dediklərinizlə tam razıyam. Həqiqətən, bu münasibətlər kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malikdir. Ən vacibi odur ki, bizim münasibətlərimiz xeyli şaxələndirilib, onlar bütün istiqamətlər üzrə inkişaf edir. Sizin dediyiniz kimi, humanitar istiqamətdə tərkib hissə formalaşıb. Humanitar Forum mütəmadi olaraq ən yüksək səviyyədə keçirilir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə,  əslində  onlar himayələri altında keçirilən bu Forumda ən yüksək səviyyədə iştirak edirlər.  O, xatırladıb ki, sonuncu tədbirdə Rusiya parlamentinin yuxarı palatasının rəhbəri Valentina Vladimirovna Matviyenko iştirak edib:

“Azərbaycanda təxminən 600 Rusiya şirkəti işləyir. Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır, daha dəqiq desək 1,4 milyard dollara çatır.

Amma diqqəti bəzi məqamlara cəlb etmək istərdim: bilirik ki, müxtəlif səbəblər üzündən, o cümlədən dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb.

Bu gün bu haqda danışmaq, bu məsələlərin həlli yollarını axtarmaq çox yerinə düşəcək. Nəzərə almaq lazımdır ki, bunun üçün həqiqətən çox yaxşı baza yaradılıb və Sizinlə tam razıyam ki, bütövlükdə fiziki həcmi qoruyub saxlayırıq.

Əlbəttə, perspektiv üçün yaxşı layihələrimiz var. Özü də bu, təkcə energetika sahəsinə aid deyil. Aydındır ki, başqa sahələrdə – maşınqayırma, yüksək texnologiyalar sahələrində də belədir. Fikrimcə bu, son dərəcə vacibdir. Xəzərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam edir.

Üçtərəfli formatda görüşlərin təşkilinə görə çox sağ olun. Bu da Sizin təşəbbüsünüzdür və həqiqətən bu formatda müzakirə edilməli məsələlər var. Xəzərdə və daha geniş aspektdə yeni layihələr ola bilər – nəqliyyat, energetika, üçtərəfli ticari-iqtisadi əlaqələrimizin şaxələndirilməsini nəzərdə tuturam.

Siz Qarabağ məsələsini xatırlatdınız. Bu problem bizim hamımıza ümumi, sovet keçmişimizdən miras qalıb. Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin məsələ olduğunu bilirəm. Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn – iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər.

Hörmətli İlham Heydər oğlu. Dəvətə görə sağ olun. Əminəm ki, bugünkü birgə işimiz müsbət, səmərəli olacaq və həm ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə, həm də regionda vəziyyətin yaxşılaşmasına şərait yaradacaq”.

Gununsesi.info