
Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb.
Gununsesi.info xəbər verir ki, artıq bir neçə gündür Rusiya mediasında prezident Vladimir Putinin Dağıstanın rəhbəri Ramazan Abdulatipovu istefaya göndərməsi barədə məlumatlar yer almaqdadır.
Onun istefaya göndərilməsi təkzib edilsə də, rəsmi bir məlumat yoxdur.
R.Abdulatipovun mətbuat xidməti “RİA-Novosti”yə açıqlamasında məsələni şərh etməkdən emtina edib: “Biz bu məlumatı şərh edə bilmərik”.
Bu bir daha Ramazan Abdulatipovun istefaya göndərilməsi ilə bağlı xəbəri doğrulayır.
Bildirilir ki, Dağıstan lideri bir qrup qubernatorun işdən azad edilməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılır. Ərizəni yazmazdan öncə R.Abdulatipovu təcili olaraq Kremlə çağırıblar. İddia olunur ki, onunla istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmək istəyiblər.
Mənbə bildirir ki, R.Abdulatipova bir neçə iş təklif olunub: “Bu, onun üçün gözlənilməz oldu. Ramazan Abdulatipov ömrünün axırına kimi vəzifəsində çalışacağını düşünürdü”.
Qeyd edək ki, Ramazan Abdulatipovun Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla çox sıx dostluq münasibətlərinin olduğu bildirilir. Bu dostluq münasibətlərinin nəticəsi olaraq Ramazan Abdulatipov 2016-ci ildə Abbas Abbasovun həbsdə olan qardaşı oğlu Nadir Abbasovun həbsdən azad olunmasına yardım etdiyi bildirilir. Onların birgə biznesinin olduğu barədə də məlumatlar yayılıb.
Gununsesi.info