Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) nizamnaməsinə qoşulması ilə bağlı Ermənistandan təminat almalıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 12-də Moskvada keçirdiyi brifinqdə bildirib.
Peskov deyib ki, “Moskva İrəvandan müəyyən təminatlar alarsa, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edə bilər”.
“Ermənistanın beynəlxalq statusa (Beynəlxalq Cinayət Məhkəməsi) qoşulması ilə bağlı yeni reallıq münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Erməni tərəfdaşlardan müəyyən təminatlar almaq vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir ki, biz də buna köklənmişik”, – deyə o bildirib.
Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin müharibə zamanı “Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiyası” ittihamı üzrə həbsinə order verib.
Ötən ilin noyabrında Ermənistan rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub.
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə bağlı Putin də daxil olmaqla, bu və ya digər şəxsləri həbs etmək səlahiyyətinin olmadığını qeyd edib.
Daha əvvəl isə Rusiya Dövlət Duması bəyan edib ki, Putin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.
Gununsesi.info