Putin müttəfiqi Əliyevi də belə itirir - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 13 Dekabr 2022 14:50

Rusiyanın Qarabağdakı təxribatçı hərəkətləri sentyabrdan bəri daha da açıq formada həyata keçirilir.

Proseslər göstərir ki, artıq Azərbaycanın dözüm limiti tükənib.  Vətəndaş cəmiyyəti qurumları təmsilçilərinə Qarabağda rus sülhməramlılarının göstərdiyi reaksiya Kremlin özü tərəfindən Azərbaycanın Rusiya ilə müttəfiqliyinin reallıqda olmadığının ifadəsi sayılmaldır.

Xatırladaq ki, bu ilin 22 fevralında Prezident  Əliyev  həmkarı Putinlə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalamışdı.

O zaman Azərbaycan Prezidentinin bu addımı vətəndaşlar arasında birmənalı qarşılanmasa da amma Qarabağ məsələsinin tam həllini tapmadığı bir məqamda bu bəyannamənin ilk bəndində yazılan mətn milli maraqlarımıza cavab verirdi.

Bəyannamənin 1 -ci bəndində deyilir:

 

Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Göründüyü kimi bəyannamənin mürəkkəbi qurumamış Rusiya sülhməramlılarının Qarabağdakı təxribatçı hərəkətləri barədə xəbərlər gəldi.

Putinin biznes imperiyasına daxil olan separatçı Ruben Vardanyanın Qarabağa göndərilməsi və orada vəzifə alması Rusiyanın bu məsələdə qeyri-səmimi olduğunu üzə çıxardı.

Prezident İlham Əliyev bu faktı açıq şəkildə ifadə etməklə Putinin səmimiyyətini ortaya qoymuş oldu.

Onsuz da dünyada təklənmiş vəziyyətdə qalan Putin indi də  İlham Əliyevin simasında daha bir müttəqini itirir.

Hazırda Putinin Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi yolundakı siyasətinin qarşısını almaq üçün ciddi imkanları qalmayıb.

Ermənistandan fərqli olaraq, bizim ölkənin daxilində də bu prosesi pozacaq qüvvə yoxdur.

Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti bütünlüklə Qarabağ məsələsində hakimiyyətə dəstəkdir.

Bu baxımdan hesab etmək olar ki, Rusiya Azərbaycanı itirib.

Qarşıda isə Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması üçün daha ciddi perspektivlər var.

Bu qurum tərəfindən ölkəmizə   2 milyard vəsaitin ayrılması da bunu deməyə əsas verir.

Pərviz Həşimli

Gununsesi.info